Baş məşqçimiz Elşad Əhmədovun “Eskişehirspor”la yoxlama oyunundan (1:0) sonra fikirlərini bildirib:
“Yeni ilə qələbə ilə başladıq. Bu, yoxlama oyunu olsa da, qələbə motivasiya cəhətdən yaxşı oldu. Son 10 gündəki fiziki hazırlıq məşqindən sonra düşünürdük ki, futbolçuların hər birinə bir hissə şans verək. Lakin oyunun ilk hissəsində temp bir qədər aşağı oldu. Buna görə, bəzi futbolçulara bir hissədən də bir qədər artıq şans vermək qərarına gəldik. İlk hissədən sonra 1-i qapıçı olmaqla, 5 futbolçunu dəyişdik. Bəzi oyunçulara 15 dəqiqə daha şans verdik ki, bir az daha çox məsafə qət eləsinlər. Fiziki cəhətdən tam mən istədiyim kimi olmasa da, hərəkətlilik var idi. Texniki-taktiki cəhətdən çatışmazlıqlar var. Bu da, normal haldır. Çünki biz son 10 gündə ancaq fiziki hazırlıq üzərində məşq keçmişdik. İlk hissədə temp aşağı idi. Lakin fasilədən sonra meydana çıxan futbolçular oyuna rəng qatdılar. Xüsusilə, Cavid İmamverdiyevin oyununu qeyd edərdim. Fürsətlərimiz olsa da, istifadə edə bilmədik. Növbəti məşqlərdə bunun üzərində çalışacağıq”.