Antalyada təlim-məşq toplanışında olan “Sabah” toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız “İC Santai” otelinin stadionunda Türkiyənin “Eskişehirspor” klubuyla qarşılaşıb.

Matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitinda keçib. Oyunun 42-ci dəqiqəsində qarşılaşmanın baş hakimi komandamızın qapısına penalti təyin etsə də, qapıçımız Saşa Stamenkoviç rəqib futbolçunun zərbəsini zərərsizləşdirib. Top Saşadan sonra qapı tirinə dəyib.

Fasilədə baş məşqçimiz Elşad Əhmədov 5 əvəzetmə edib. Komandamız ikinci hissəyə fəal başlayıb. Qarşılaşmanın 68-ci dəqiqəsində fasilədə çempionatdakı bombardirimiz Marko Deviçin əvəzinə meydana daxil olmuş gənc hücumçumuz Emil Qasımov komandamızı hesabda önə çıxarıb. O, kapitan Cavid İmamverdiyevin ötürməsindən sonra topu rəqib qapısından keçirib. Oyunun gedişində baş məşqçimiz Elşad Əhmədov daha 4 əvəzetmə edib. Güclü yağışın müşayiətilə keçən qarşılaşmanın sonrakı dəqiqələrində başqa qol olmayıb.

Minimal hesabla qalib gələn “Sabah”, 2019-cu ilə qələbə ilə start verib.

Baş məşqçimiz Elşad Əhmədov “Eskişehirspor”la matçda aşağıdakı heyətə şans verib:   30. Saşa Stamenkoviç (1. Tərlan Əhmədli, 46), 77. Şakir Seyidov (19. Məqsəd İsayev, 46), 13. Filip İvanoviç (88. Elçin Əsədov, 75), 5. Kərim Diniyev, 25. Vanderson Silva, 2. Təmkin Xəlilzadə (21. Novruz Məmmədov, 61), 8. Elşən Abdullayev (10. Cavid İmamverdiyev, 46), 15. Erik Ramos (4. Tərzin Cahangirov, 61), 6. Vadim Abdullayev (11. Elgün Nəbiyev, 46), 7. Rəşad Eyubov (33. Eltun Turabov, 61), 9. Marko Deviç (97. Emil Qasımov, 46).