Antalyada təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Komandamız Qazaxıstan təmsilçisi “Tobol”la qarşılaşıb. “Titanik” otelinin stadionunda keçirilən qarşılaşmada baş məşqçimiz Elşad Əhmədov aşağıdakı futbolçulara start heyətində yer verib: 30. Saşa Stamenkoviç, 19. Məqsəd İsayev, 13. Filip İvanoviç, 5. Kərim Diniyev, 25. Vanderson Silva, 2. Təmkin Xəlilzadə, 10. Cavid İmamverdiyev (k), 11. Elgün Nəbiyev, 15. Erik Ramos, 7. Rəşad Eyubov, 9. Marko Deviç.
Güclü küləyin müşayiətilə keçən qarşılaşmada hesab 39-cu dəqiqədə açılıb. Rəşad Eyubov Marko Deviçin ötürməsindən sonra topu rəqib qapısından keçirib. Bir dəqiqə sonra Rəşad dubl etmək imkanını əldən verib. Onun baş zərbəsi az fərqlə qapının üstündən keçib. İlk hissə elə bu hesabla da başa çatıb.
Komandamız ikinci hissəyə də fəal başlayıb. Matçın 53-cü dəqiqəsində Cavid İmamverdiyev Vanderson Silvanın gözəl ötürməsindən sonra rəqib qapıçı ilə təkbətək çıxıb. Kapitan fürsəti əldən verməyib – 2:0. Bir neçə dəqiqə sonra Təmkin Xəlilzadənin zərbəsi tirə tuş gəlib. Qayıdan topa yetişən Məqsəd İsayevin zərbəsi isə qeyri dəqiq olub.
Oyunun 61-ci dəqiqəsində baş məşqçimiz Elşad Əhmədov 7 əvəzetmə edib. Saşa Stamenkoviç, Məqsəd İsayev, Elgün Nəbiyev, Marko Deviç, Təmkin Xəlilzadə, Erik Ramos və Filip İvanoviçin yerinə meydana Tərlan Əhmədli, Miloş Bosançiç, Elşən Abdullayev, Tərzin Cahangirov, Şakir Seyidov, Eltun Turabov və Emil Qasımov daxil olub. 75-ci dəqiqədə isə Bəxtiyar Soltanovla Vadim Abdullayev, Cavid İmamverdiyev və Rəşad Eyubovu əvəzləyib.
Oyunun sonlarında fəallaşan qazaxlar, 76 və 83-cü dəqiqələrdə ardıcıl iki qol vuraraq, hesabı bərabərləşdiriblər.
Baş məşqçimiz oyunun son dəqiqələrdində daha bir əvəzetmə edərək, Novruz Məmmədova da şans verib. O, braziliyalı müdafiəçi Vanderson Silvanı əvəz edib.
Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.