“Sabah” Antalya toplanışı çərçivəsində Macarıstanın “MTK Budapeşt” klubunu 3:1 hesabıyla məğlub edib. Baş məşqçimiz Elşad Əhmədov klubumuzun mətbuat xidmətinə oyun barədə fikirlərini bildirib. Təcrbüəli mütəxəssis komandasının oyunundan tam razı qaldığını deyib:

“MTK Budapeşt” Macarıstan çempionatında 6-cı pillədə qərarlaşıb. Bu cür komandaya qarşı futbolçular da həvəslə oynayırlar. İlk 45 dəqiqə demək olar, bizim tam üstünlüyümüz şəraitində keçdi. Hesab 0:0 olan zaman 3 real qol fürsətini dəyərləndirə bilmədik. Əvəzində, rəqib əks-hücumda bizə qol vurdu. Ancaq tezliklə hesabı bərabərləşdirərək, oyunda üstünlüyü ələ ala bildik. Rəqibin sürətli futbolçuları var idi. Onlar bizə təhlükə yaradırdılar. Lakin buna baxmayaraq, ilk hissəni 2:1 öndə başa vurduq. Fasilədə bir neçə əvəzetmə elədim. Bütün futbolçuları sınamaq istəyirdik. Təlim-məşq toplanışında oyunçuların hazırlığını görmək üçün bu, bizim üçün vacib idi. İkinci hissədə meydana çıxan futbolçular da oyundan düşmədilər. Matçın ritmini əlimizdə saxladıq. Tam olmasa da, qol fürsətlərimizdən istifadə etməyi bacardıq. Yekunda 3:1 qalib gəldik. Komandamın oyunundan tam razı qaldım”.