Antalyada təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Komandamız “Titanik” otelinin stadionunda Macarıstanın “MTK Budapeşt” klubuyla qarşılaşıb.
Baş məşqçimiz Elşad Əhmədov qarşılaşmada aşağıdakı start heyətinə şans verib: 30.Saşa Stamenkoviç, 21. Novruz Məmmədov, 33. Eltun Turabov, 13. Filip İvanoviç, 25. Vanderson Silva, 4. Tərzin Cahangirov, 6. Vadim Abdullayev, 22. Miloş Bosançiç, 27. Bəxtiyar Soltanov, 8. Elşən Abdullayev, 9. Marko Deviç.
Oyundan öncə 20 Yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Komandamız meydana qara sarğı ilə çıxıb.
Matç “Sabah”ın üstünlüyü ilə başlayıb. Lakin Elşad Əhmədovun yetirmələri ardıcıl bir neçə real qol fürsətindən istifadə edə bilməyiblər. Əvəzində, rəqib görüşün 20-ci dəqiqəsində komandamızın qapısına yol tapıb. Lakin macarların bu üstünlüyü çox çəkməyib. Cəmi 5 dəqiqə sonra Vadim Abdullayev hesabda tarazlığı bərpa edib. 5 dəqiqə sonra isə bombardirimiz Marko Deviç Antalya toplanışında ilk qolunu vuraraq, komandamızı hesabda öncə keçirib. İlk hissə elə bu hesabla başa çatıb.
Fasilədə baş məşqçimiz bir neçə dəyişiklik edib. Miloş Bosançiç, Vadim Abdullayev, Tərzin Cahangirov, Novruz Məmmədov və Bəxtiyar Soltanovun əvəzinə meydana Cavid İmamverdiyev, Rəşad Eyubov, Məqsəd İsayev, Təmkin Xəlilzadə və Erik Ramos daxil olub. “Sabah” ikinci hissədə də meydanda dominantlıq edən tərəf idi. Oyunun gedişində baş məşqçimiz daha bir neçə əvəzetmə edərək, Elşən Abdullayevin əvəzinə Elgün Nəbiyev, Marko Deviçin yerinə Emil Qasımov, Vanderson Silvanın əvəzinə isə Şakir Seyidovu meydana buraxıb.
Komandamız matçın son dəqiqəsində hesab arasındakı fərqi artırıb. Kapitanımız Cavid İmamverdiyev fərqlənərək, oyunda son nöqtəni qoyub – 3:1.
Xatırladaq ki, “MTK Budapeşt”lə görüş komandamızın Antalya toplanışı çərçivəsində keçirdiyi üçüncü oyun idi. “Sabah” daha öncə Türkiyənin “Eskişehirspor” klubunu 1:0 hesabıyla məğlub edib, Qazaxıstan “Tobol”u ilə heç-heçə (2:2) etmişdi.