“Sabah” Topaz Premyer Liqasında növbəti oyununu keçirib. Komandamız doğma meydanda “Neftçi” ilə qarşılaşıb (0:2). Oyundan sonra baş məşqçimiz Elşad Əhmədov matçla bağlı fikirlərini bildirib:
– Oyun barəsində çox danışmaq olar. Qısaca onu deyim ki, birinci hissədə yaxşı oynadıq. Uşaqlar yaxşı mübarizə apardılar. Oyuna ciddi hazırlaşmışdıq. Bu matça kimi “Neftçi”yə qarşı 3 oyun keçirsək də, xal ala bilməmişdik. İlk hissədə rəqibdən zəif oynamadıq. Lakin ikinci hissə başlayanda 10 nəfərlə qalmağımız işimizi çətinləşdirdi. “Neftçi” kimi komandaya qarşı azlıqda mübarizə aparmaq çətindi. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm.
– Təmkin Xəlilzadənin komandadan kənarlaşdırılmasının səbəbi nədi?
– Bu, klubdaxili məsələdi. Klubun özünün intizam qaydaları var. Bu qaydalara riayət edilməyəndə əvvəlcə, pul cəzası tətbiq olunur, daha sonra daha ağır cəza. Bu, bütün futbolçulara aid qaydadı.
– Mövsümün əvvəlində üst sıralarda olsanız da, qış fasiləsindən sonra komanda gerilədi. Klub rəhbərliyi bu nəticələrə necə reaksiya verir?
– Çempionatın əvvəlində qarşımıza Premyer Liqada möhkəmlənmək vəzifəsi qoyulmuşdu. Konkret hansısa pilləyə iddia etmirdik. Əlbəttə, daha üst sıralara qalxmaq istəyərdik.
– Saşa Stamenkoviçin ilk qoldakı reaksiyası daha uğurlu ola bilərdimi?
– Bəli, ola bilərdi. Lakin hər şey bir anda baş verdi. Futbolda belə şeylər olur. Saşanın bizim komandaya çox xeyri dəyib. Düzdü, qolda səhvi var idi. Lakin komanda uduzursa, bunda hamının səhvi olur, bir nəfərin yox.
– İki hissə arasında kəskin fərq sırf qırmızı vərəqəylə bağlı idi?
– Məncə, bəli.