AFFA-nın təşkilatçılığı ilə keçirilən U-10, U-11 və U-14 Liqasına yekun vurulub. “Sabah” FK akademiyasının 3 komandası çempionatı medalçı kimi başa vurub. U-10 və U-14 komandalarımız qızıl, U-11 isə gümüş medal qazanıb.
U-10 final oyununda “Neftçi” ilə qarşılaşıb. Əsas və əlavə vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşan matçın penaltilər seriyasında 4:2 hesabıyla qalib gələn Savalan Əlizadənin yetirmələri çempion olublar. Komandanın qapıçısı Akif Allahverdiyev liqanın ən yaxşı qapıçısı seçilib.
U-11 çempionatın final oyununda “Keşlə” ilə qarşılaşıb. Həlledici matçda 0:1 hesabıyla uduzan Elvin Həsənovun yetirmələri çempionatı gümüş medallarla başa vurublar. U-11 komandamızın futbolçusu Tariel Fərzəli yarışın ən yaxşı oyunçusu seçilib. Komandamızın digər üzvü İslam Həsənov isə feyr-pley mükafatına sahib çıxıb.
U-14 komandamız isə liqanı qızıl medallarla başa vurub. Yaşar Abdulovun yetirmələri final oyununda “Binə ” ilə qarşılaşıb. 2:0 hesabıyla qalib gələn komandamız çempion olub. Hər iki qolumuza Nicat Məmmədov imza atıb. U-14 komandamızın qapıçısı Emin Həbibov liqanın ən yaxşı qapıçısı, futbolçusu Nicat Məmmədov isə ən yaxşı oyunçusu seçilib.