Topaz Premyer Liqasında 2018/19 mövsümünə yekun vuruldu. “Sabah” çempionatın son turunda evdə “Zirə”yə məğlub oldu (0:3). Oyundan sonra baş məşqçimiz Elşad Əhmədov həm oyun, həm də mövsüm barədə fikirlərini bildirdi:
“Oyun barədə danışacaq çox şey yoxdu. Mövsümün son qarşılaşması idi. Uşaqlarda bu matç üçün motivasiya yarada bilmədik. Zədəlilərimiz var. Bu qarşılaşmada gənclərə daha çox üstünlük verdik. Sabahın komandasını qurmaq istəyirik. Onları bu matçda yoxlamaq qərarına gəldik.
Bu mövsüm öz üzərimizə düşən missiyanı yerinə yetirdik. Qarşımıza Premyer Liqada qalmaq vəzifəsi qoyulmuşdu ki, bu işin də öhdəsindən çempionatın bitməsinə 2 tur qalmış gəldik.
Mövsümə yaxşı başlasaq da, sonradan işlər istədiyimiz kimi getmədi. Bunda bəzi oyunlarda hakim qərarları, qırmızı vərəqələr, həm də zədələr müəyyən rol oynadı. Çatışmayan cəhətlərimiz çoxdu. Növbəti mövsümdə çalışıb, bu çatışmazlıqları aradan qaldırmalıyıq. Gələn mövsüm üçün daha yaxşı komanda yaratmaq istəyirik”.