23-29 iyul 2019-ci il tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Nəsimi ilinə həsr olunan “Təhsil Avtobusu-Nəsimi” yay məktəbi keçiriləcək. “Təhsil Avtobusu-Nəsimi” Bakı şəhərindən yola düşərək Bakı-Qusar-Astara-Cocuq Mərcanlı kəndi-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək. Nəsimi ilinə həsr olunan Yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.

“Sabah” Futbol Klubu “Təhsil Avtobusu-Nəsimi” yay məktəbinin tərəfdaşlarındandır. Klubumuzun məşqçiləri təhsil marafonuna qatılaraq, bölgələrimizə səfər edəcək, burdakı şagirdlərdə futbola marağın yaradılması istiqamətində təlimlər keçəcəklər.

Qeyd edək ki, yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsindəki kənd məktəblərinin akademik göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək peşə, incəsənət, natiqlik, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.

“Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün Öyrət” Milli Təhsil Proqramının Respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016, 2017, 2018-ci illərdə keçirilən “Təhsil Avtobusu” yay məktəbi nəticəsində 6000 km yol qət edilmiş, Bakı və 12 bölgənin (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala, Şəmkir, Qəbələ) 29 şəhər və 31 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 550-dən çox şagird cəlb edilmiş, təlimçi və ekspertlər tərəfindən 200 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilmişdir.