Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Sabah” növbəti yoxlama oyununu keçirib. Qızılcahamamda baş tutan görüşdə komandamız yerli “Kemerspor”la qarşılaşıb.

Baş məşqçimiz Elşad Əhmədov oyunda aşağıdakı start heyətinə şans verib:

Dmitri Bezruk, Bəhlul Mustafazadə, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Təmkin Xəlilzadə, Abbas Ağazadə, Coşqun Diniyev, Cavid İmamverdiyev, Hendrik Eksteyn, Amadu Diallo, Cavid Tağıyev.

Görüşdə hesabı Elşad Əhmədovun yetirmələri açıb. Matçın 19-cu dəqiqəsində Amadu Diallo Hendrik Eksteynin ötürməsini dəqiq zərbəylə tamamlayıb – 1:0. Bir neçə dəqiqə sonra, qarşılaşmanın 26-cı dəqiqəsində bu dəfə Eksteyn özü qapıçının səhvindən istifadə edərək hesab arasındakı fərqi artırıb – 2:0. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə meydana aşağıdakı futbolçular daxil olub:

Oleq Karnaux, Kərim Diniyev, Filip İvanoviç, Şakir Seyidov, Vadim Abdullayev, Anar Panayev, Xəyal Tomarov, Murad Musayev, Məqsəd İsayev.

Fasilədən sonra komandamızın fərqlənmək üçün bir neçə şansı olsa da, futbolçularımız bu fürsətləri dəyərləndirə bilməyiblər. Əvəzində rəqib görüşün 90-cı dəqiqəsində hesab arasındakı fərqi azaltmağa nail olub – 2:1. Oyun elə bu hesabla da başa çatıb.

Xatırladaq ki, “Sabah” Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununda Boluda Rumıniya “Konkordiya”sı ilə qarşılaşmışdı (1:2).