Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Sabah” hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Komandamız bu dəfə Qətərin “Əl-Şahaniyə” klubu ilə qarşılaşıb.
Baş məşqçimiz Elşad Əhmədov matçda aşağıdakı “11”-liyə şans verib:
Saşa Stamenkoviç, Bəhlul Mustafazadə, Ruslan Abışov, Məqsəd İsayev, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Cavid İmamverdiyev, Hendrik Eksteyn, Məhəmməd Mirzəbəyov, Rəşad Eyubov, Emil Qasımov.
Sapanca stadionunda keçirilən oyunda hesabı matçın 11-ci dəqiqəsində Məqsəd İsayev açıb. Cəmi 11 dəqiqə sonra Cavid İmamverdiyev hesab arasındakı fərqi ikiyə yüksəldib – 2:0. İlk hissə bu hesabla başa çatıb. Fasilədən sonra komandamız hesab arasındakı fərqi bir az da artırıb. Matçın 54-cü dəqiqəsində Məqsəd dublunu rəsmiləşdirib – 3:0.
Qətərlilər görüşün 69-cu dəqiqəsində hesab arasındakı fərqi azaldıb. Oyunun 82-ci dəqiqəsində isə asiyalılar penaltidən fərqi minimuma endiriblər. Bu, matçda vurulan son qol olub. Görüş komandamızın 3:2 hesablı qələbəsilə nəticələnib.
Xatırladaq ki, “Sabah” Türkiyə toplanışında bundan öncə Rumıniya “Konkordia”sı (1:2) və yerli “Kemerspor”la (2:1) qarşılaşmışdı.