“Sabah” Türkiyə toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Komandamız qardaş ölkənin Super Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşıb.
Baş məşqçimiz Elşad Əhmədov matçda aşağıdakı start heyətə şans verib:
Dmitri Bezruk, Bəhlul Mustafazadə, Ruslan Abışov, Coşqun Diniyev, Hendrik Eksteyn, Məhəmməd Mirzəbəyov, Təmkin Xəlilzadə, Məqsəd İsayev, Rəşad Eyubov, Emil Qasımov, Cavid İmamverdiyev.
Ankarada, İlhan Cavcav Gənclərbirliyi bazasının meydançasında keçirilən görüşdə erkən qol qeydə alınıb. Matçın 2-ci dəqiqəsində Təmkin Xəlilzadə Məhəmməd Mirzəbəyovun ötürməsini dəqiq sonluqla tamamlayıb – 1:0. Lakin cəmi 2 dəqiqə sonra “Gənclər” hesabda tarazlığı bərpa edib. Oyunun 20-ci dəqiqəsində Ankara təmsilçisi hesabda önə keçib.
İlk hissə bu hesabla başa çatıb. Komandamız ikinci hissəyə fəal başlayıb. Matçın 52-ci dəqiqəsində gənc hücumçumuz Emil Qasımov Cavid İmamverdiyevin ötürməsini dəqiq zərbəylə tamamlayıb – 2:2.
Ancaq bu da oyunda vurulan son qol olmayıb. Qarşılaşmanın 79 və 82-ci dəqiqələrində daha iki dəfə fərqlənən “Gənclərbirliyi” matçdan 4:2 hesablı qələbəylə ayrılıb.
Xatırladaq ki, “Sabah” Türkiyə toplanışında daha öncə Rumıniyanın “Konkordia” (1:2), yerli “Kemerspor” (2:1) və Qətərin “Əl-Şahaniyə” (3:2) komandaları ilə qarşılaşmışdı.