“Sabah” FK Marko Deviçlə yollarını ayırıb.
Marko klub rəhbərliyinə müraciət edərək, ailə vəziyyəti ilə bağlı klubdan ayrılmaq, bununla bağlı Belqradda, ailəsinin yanında qalmaq istədiyini bildirib. “Sabah” FK klubda çıxış etdiyi müddət ərzində istər yaşıl meydanda, istərsə də ondan kənarda nümunəvi davranışı ilə diqqət çəkən futbolçunun bu istəyinə müsbət cavab verib. Hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Marko məşqimizə gələrək, futbolçularla, məşqçi və texniki heyətlə sağollaşıb, komandamıza yeni mövsümdə uğurlar arzulayıb.
Deviç “Sabah”ın Premyer Liqada ilk qolunun müəllifidi. O, 2018/19 mövsümündə komandamızın bombardiri olub (21 oyun, 8 qol).
“Sabah” Futbol Klubu Deviçə klubumuza verdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.