“Sabah” FK yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Zirə” ilə qarşılaşıb.

Baş məşqçimiz Elşad Əhmədov görüşdə aşağıdakı start heyətinə şans verib:

Saşa Stamenkoviç, Kərim Diniyev, Ruslan Abışov, Məqsəd İsayev, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Cavid İmamverdiyev, Rocer Roxas, Hendrik Eksteyn, Ozan Can Kökcü, Vadim Abdullayev.

“Bank Respublika Arena”nın ehtiyat meydançasında keçirilən matçda hesabı “Zirə” açıb. Qarşılaşmanın 19-cu dəqiqəsində Tellur Mütəllibov qonaqları hesabda irəli çıxarıb. 7 dəqiqə sonra Xulio Rodriqes hesab arasındakı fərqi ikiyə çatdırıb –  0:2.

Komandamız matçın 38-ci dəqiqəsində buraxılmış qollardan birinin əvəzini çıxıb. Rocer Roxas fərqlənib. İlk hissənin son dəqiqəsində isə Amadu Diallo gözəl qolla hesabda tarazlığı bərpa edib – 2:2. İlk hissə bu hesabla da başa çatıb.

İkinci hissənin ilk dəqiqələrində rəqib yenidən hesabda önə keçib. Xulio Rodriqes fərqlənib – 2:3. Matçın 67-ci dəqiqəsində Amadu Diallo dubla imza ataraq, hesabı bərabərləşdirib – 3:3.

Bundan sonra komandamızın bir neçə şansı olsa da, dəyərləndirə bilməyib. Oyun elə bu hesabla da başa çatıb.

Sabah – Zirə 3:3

Qollar: Rocer Roxas, 38. Amadu Diallo, 45, 67 – Tellur Mütəllibov, 19, Xulio Rodriqez, 26, 49.