Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub. Komandamız bu turda “Səbail”i qəbul edib. “Bank Respublika Arena”da keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.
Fasilədən sonra üstünlüyə yiyələnən komandamız, 78-ci dəqiqədə bu üstünlüyünü hesabda əks etdirib. Coşqun Diniyev gözəl zərbəylə həm oyunda, həm də “Sabah”da ilk qoluna imza atıb. Bir neçə dəqiqə sonra Cavid İmamverdiyev Ozan Can Kökcünün künc zərbəsindən ötürdüyü topu başla qapıdan keçirərək üstünlüyümüzü 2 topa çatdırıb.
Matçda son nöqtəni isə gənc futbolçumuz Şakir Seyidov qoyub. 88-ci dəqiqədə Ozan Can Kökcünün əvəzinə meydana daxil olan 18 yaşlı futbolçu, matça əlavə olunmuş 6-cı dəqiqədə Ulisse Diallonun ötürməsini qapıdan keçirərək qarşılaşmada yekun hesabı müəyyənləşdirib – 3:0. Bu, Şakirin “Sabah”da vurduğu ilk qoldu. 18 yaşlı yarımmüdafiəçi həmçinin, Premyer Liqada qol vuran ən gənc futbolçumuz oldu.
“Səbail”lə oyun komandamız üçün daha bir neçə ilklə yadda qaldı. Komandamız İqor Ponomaryovun rəhbərliyi altında çıxdığı ilk oyunu qələbə ilə başa vurdu. Bu qələbə həm də, cari mövsümdə qazandığımız ilk 3 xal oldu. Bundan əlavə, “Sabah” “Səbail”lə görüşdə Premyer Liqada ilk böyük hesablı qələbəsini qazandı.