Bu gün Azərbaycanın Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötür. 1993-cü il oktyabrın 29-da 707 km² sahəsi, 32,6 min nəfər əhalisi, 1 şəhər, 1 şəhər tipli qəsəbə və 81 kənddən ibarət olan rayon bütünlüklə işğal edildi.

İşğal olunmazdan əvvəl Zəngilan rayonunda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. Ermənistanın təcavüzü zamanı Zəngilan rayonu 188 şəhid vermiş və rayonun 44 sakini itkin düşmüşdür.

1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində rayonun işğalı kəskin şəkildə pislənilib və çoxlu sayda mülki insanın didərgin düşməsi ilə bağlı ciddi narahatlıq ifadə olunub. Qətnamədə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) qətnamələrinin icrası məqsədilə təxirəsalınmaz addımlara dair uyğunlaşdırılmış vaxt cədvəli”nə müvafiq olaraq işğalçı qüvvələrin birtərəfli qaydada Zəngilan rayonundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunub. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistan bu tələblərə hələ də əməl etməyib.