Azərbaycan Premyer Liqasında XII turun oyunları keçirilir. “Sabah” bu turda səfərdə “Səbail”in qonağı olub.

“ASCO Arena”da keçirilən görüşün ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci hissənin 77-ci dəqiqəsində rəqibin hücumu qolla nəticələnib. Məqsəd İsayev avtoqola imza atıb.

Ancaq komandamız nəinki məğlubiyyətdən xilas olmaq, hətta görüşü qələbə ilə başa vurmağa nail olub. Qarşılaşmanın 86-cı dəqiqəsində rəqib azlıqda qalıb. Adil Nağıyev qırmızı vərəqə alıb.

Matçın 88-ci dəqiqəsində cəmi 2 dəqiqə öncə meydana çıxmış Ulisse Diallo hesabda tarazlığı bərpa edib. Malili forvard Məqsəd İsayevin başla ötürməsini dəqiq zərbəylə qapıdan keçirib. İki dəqiqə sonra Diallo özünün və komandamızın ikinci qoluna imza atıb. O, bu dəfə Hendrik Eksteynin ötürməsini məhsuldar sonluqla tamamlayıb.

Matçda son nöqtəni isə Eksteyn qoyub. “Pule” Cavid İmamverdiyevin ötürməsini dəqiq zərbəylə qapıdan keçirməklə, oyunda yekun hesabı müəyyənləşdirib – 1:3.

Bu qələbə sayəsində xallarının sayını 13-ə yüksəldən “Sabah”, turnir cədvəlində 5-ci pilləyə yüksəlib. Komandamız Premyer Liqada növbəti oyununu dekabrın 2-də “Bank Respublika Arena”da “Qarabağ”a qarşı keçirəcək. Matç saat 20:00-da başlayacaq.