Azərbaycan Premyer Liqasında XIII turun oyunları keçirilib. “Sabah” bu turda “Qarabağ”la qarşılaşıb.

Oyundan öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Belə ki, paytaxtda və ölkəmizin müxtəlif bölgələrində Azərbaycan Gənclər Fondu tərəfindən “Könüllülük həftəsi” keçirilir. “Könüllülük həftəsi” çərçivəsində gənclərin iştirakı ilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Sözügedən layihənin bir hissəsi kimi komandamızın “Qarabağ”la ev oyunundan öncə  Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Burda əsas məqsəd ictimaiyyətin diqqətini “Könüllülük həftəsi”nə yönəltmək, həmçinin gənclər arasında vətənpərvərlik hissinin daha da möhkəmlənməsinə təkan verməkdir.

Bu oyun, “Sabah”ın yeni baş məşqçisi Jelko Sopiçin komandamızın “sükanı arxasında” ilk sınağı olub.

Qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb – 0:0. İkinci hissədə hər iki komandanın fərqlənmək şansı olsa da, hesab yalnız 74-cü dəqiqədə açılıb. “Qarabağ”ın fransalı futbolçusu Abdullah Zubir fərqlənib – 0:1. Oyun elə bu hesabla da başa çatıb.

Komandamız çempionatda növbəti oyununu dekabrın 8-də “Neftçi”yə qarşı keçirəcək. Bundan öncə isə, dekabrın 4-də “Ağsu” ilə kubok görüşü baş tutacaq.