“Sabah” Azərbaycan kubokunun 2019/20 mövsümündə ilk oyununu keçirib. Komandamız 1/8 finalda “Ağsu” ilə qarşılaşıb. “Bank Respublika Arena”nın ehtiyat meydançasında keçirilən matç Jelko Sopiçin yetirmələrinin 5:0 hesablı qələbəsilə nəticələnib.

Sopiç oyunda aşağıdakı heyətə şans verib:

  1. Dmitro Bezruk, 5. Kərim Diniyev(k), 6. Vadim Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 27. Hendrik Ekşeyn (97. Emil Qasımov, 46), 9. Ulis Dialo (20. Anar Panayev, 68), 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 59. Raymond Qodstaym (19. Təmkin Xəlilzadə, 52), 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov.

Matçda hesabı ilk hissənin 29-cu dəqiqəsində Ulisse Diallo açıb. Malili hücumçu Raymond Qodstayma qarşı qayda pozuntusuna görə təyin edilmiş penaltini dəqiq zərbəylə qapıdan keçirib – 1:0. İlk hissə elə bu hesabla da başa çatıb.

Fasilədən sonra daha yaxşı təsir bağışlayan “Sabah”, ikinci hissədə daha 4 qola imza atıb. Əvvəlcə, oyunun 61-ci dəqiqəsində təcrübəli müdafiəçi Məhəmməd Mirzəbəyov fərqlənib. Cəmi 9 dəqiqə sonra Arsen Ağcabəyov fərqi üçə çatdırıb – 3:0. Qarşılaşmada son nöqtəni isə Rocer Roxas qoyub. Honduraslı hücumçu görüşün 82-ci dəqiqəsində hesabı 4:0 edib. “Roro” oyuna əlavə edilmiş 2-ci dəqiqədə daha bir dəfə fərqlənərək, matçda yekun hesabı müəyyənləşdirib – 5:0.

Bununla da, “Sabah” 1/4 finala vəsiqə qazanıb. Komandamız növbəti mərhələdə “Qəbələ” ilə üz-üzə gələcək.