Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıqları davam etdirir. Komandamız bu gün səhər saatlarında növbəti məşqə çıxıb. Əvvəlcə fitnes zalında yüngül məşq keçən futbolçular, daha sonra meydançada müxtəlif fiziki və topla təmrinləri yerinə yetiriblər.

Axşam saatlarında komandamız növbəti məşqə çıxacaq.

Xatırladaq ki, Jelko Sopiçin yetirmələri Türkiyə hazırlıqlarına dünən başlayıb. Antalyadakı təlim-məşq toplanışı yanvarın 22-nə kimi davam edəcək.

“Sabah” toplanış çərçivəsində yanvarın 11-də Macarıstanın “Pakş”, 15-də Rumıniyanın “Akademika Klinçeni”, 19-da Qazaxıstanın “Kaysar” komandaları ilə yoxlama görüşlərində üz-üzə gələcək.