Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız Macarıstanın “Pakş” klubuyla qarşılaşıb.
Baş məşqçimiz Jelko Sopiç matçda aşağıdakı start heyətinə şans verib:
Saşa Stamenkoviç, Filip İvanoviç, Bəhlul Mustafazadə, Elçin Mustafayev, Təmkin Xəlilzadə, Mario Marina, Şakir Seyidov, Rəşad Eyubov, Cavid İmamverdiyev, Amadu Diallo, Emil Qasımov.
İlk hissədə hər iki komandanın fərqlənmək şansı olsa da, hesab açılmayıb – 0:0. Fasilədə komandamızın heyətində 4 dəyişiklik edilib. Rəşad Eyubov, Şakir Seyidov, Amadu Diallo və Filip İvanoviçin əvəzinə meydana Coşqun Diniyev, Kərim Diniyev, Cavid Tağıyev və Ozan Can Kökcü daxil olub.
İkinci hissədə də oyun eyni tempdə davam edib. 67-ci dəqiqəyə kimi matçda hesab açılmayıb. Görüşün 66-cı dəqiqəsində baş məşqçimiz Jelko Sopiç Cavid İmamverdiyev, Bəhlul Mustafazadə, Elçin Mustafayev və Mario Marinanı əvəzləyərək, əsas komandaya U-19 komandamızdan qoşulmuş gənc futbolçular Neymət Musayev, Ceyhun Nuriyev və Abdulla Xaybullayevlə yanaşı, Məqsəd İsayevə şans verib. Bundan təxminən 1 dəqiqə sonra macarlar hesabı açıblar.
İkinci hissənin qalan dəqiqələrində daha bir neçə gənc futbolçu şans qazanıblar. Arsen Ağcabəyov, Abbas Ağazadə və Rüstəm Samiqqulin müvafiq olaraq Emil Qasımov, Təmkin Xəlilzadə və Saşa Stamenkoviçin əvəzinə meydana daxil olublar.
Oyunun son dəqiqələrində daha bir dəfə fərqlənən “Pakş”, matçdan 2:0 hesablı qələbəylə ayrılıb.
Komandamız Türkiyə toplanışı çərçivəsində növbəti oyununu Rumıniyanın “Akademika Klinçeni” klubuna qarşı keçirəcək. Görüş yanvarın 15-də baş tutacaq.