“Sabah” Antalya toplanışında növbəti yoxlama oyununu keçirib. Komandamız Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşıb. İlk hissədə komandamızın bir neçə real qol fürsəti olsa da, hesab açılmayıb – 0:0.
İkinci hissə də “Sabah”ın üstünlüyü ilə keçib. Ancaq matçda hesabı qazaxlar açıb. Rəqib qarşılaşmanın 55-ci dəqiqəsində, künc zərbəsindən sonra hesabda önə keçib.
Ancaq komandamız cəmi 2 dəqiqə sonra – matçın 57-ci dəqiqəsində hesabda tarazlığı bərpa edib. Filip İvanoviç, künc zərbəsindən göndərilən topu qapıdan keçirib. Komandamız oyunun son 10 dəqiqəsində daha 2 dəfə fərqlənərək, görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb. Əvvəlcə meydana sonradan daxil olan 18 yaşlı futbolçumuz Ceyhun Nuriyev hesabı komandamızın xeyrinə dəyişib. Görüşdə son nöqtəni isə xorvatiyalı futbolçu Mario Marina qoyub – 3:1.
“Kaysar”la görüşdə aşağıdakı futbolçular şans qazanıb:
Start heyət:
- Saşa Stamenkoviç, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 22. Məqsəd İsayev, 19. Təmkin Xəlilzadə, 11. Şakir Seyidov, 30. Mario Marina, 10. Cavid İmamverdiyev, 7. Coşqun Diniyev, 26. Ozan Can Kökcü, 65. Marko Deviç.
Sonradan meydana daxil olanlar:
- Dmitri Bezruk, 5. Kərim Diniyev, 20. Nemət Musayev, 29. Ceyhun Nuriyev, 2. Elçin Mustafayev, 17. Məhəmməd Mirzəbəyov, 77. Cavid Tağıyev, 97. Emil Qasımov, 14. Rəşad Eyubov, 66. Abdulla Xaybulayev, 23. Yusif Seyyidi.
Xatırladaq ki, “Sabah” Antalya toplanışında ilk qələbəsini qazanıb. Komandamız bundan öncə Macarıstanın “Pakş” (0:2) və Rumıniyanın “Akademika Klinçeni” (0:0) klublarıyla qarşılaşmışdı. “Sabah” Antalya toplanışında son yoxlama oyununu yanvarın 21-də Rusiyanın “Spartak” klubunun gənclərinə qarşı keçirəcək.