Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah”, bu gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib. Komandamız Rusiyanın “Spartak” klubun əvəzediciləri ilə qarşılaşıb. Moskva təmsilçisi ilə görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Komandamızın qollarına oyunun 16-cı dəqiqəsində penaltidən Marko Deviç və görüşün 70-ci dəqiqəsində gənc futbolçumuz Ceyhun Nuriyev imza atıblar.
Baş məşqçimiz Jelko Sopiç matçda aşağıdakı heyətə şans verib:
71.Dmitri Bezruk, 2.Elçin Mustafayev, 5.Kərim Diniyev, 20.Nemət Musayev, 17.Məhəmməd Mirzəbəyov, 99.Abbas Ağazadə, 14.Rəşad Eyubov, 29.Ceyhun Nuriyev, 97.Emil Qasımov, 77.Cavid Tağıyev, 41.Marko Deviç.
Sonradan meydana daxil olanlar:
31.Rüstəm Samiqqulin, 38.Arsen Ağcabəyov, 66. Abdulla Xaybulayev.
Bu oyunla Türkiyə toplanışını başa vuran komandamız, sabah Vətənə qayıdacaq.
Xatırladaq ki, “Sabah” Antalya təlim-məşq toplanışı çərçivəsində Macarıstanın “Pakş” (0:2), Rumıniyanın “Akademika Klinçeni” (0:0), Qazaxıstanın “Kaysar” (3:1) və Rusiyanın “Spartak-2” (2:2) klublarıyla qarşılaşıb.