Antalya təlim-məşq toplanışı “Sabah”ın bəzi gənc futbolçuları üçün əlamətdar olub. Belə ki, Türkiyədəki hazırlıqda komandamızın heyətində Azərbaycan Premyer Liqasındakı gənc futbolçu limitinə uyğun 10 oyunçu iştirak edib (Şakir Seyidov, Ozan Can Kökcü, Emil Qasımov, Abbas Ağazadə, Elçin Mustafayev, Arsen Ağcabəyov, Ceyhun Nuriyev, Neymət Musayev, Rüstəm Samiqqulin və Abdulla Xaybulayev).
Bu futbolçulardan dördü (Ceyhun Nuriyev, Neymət Musayev, Rüstəm Samiqqulin və Abdulla Xaybulayev) U-19 komandamızın üzvləridir. Ceyhun Nuriyev və Neymət Musayev “Sabah”ın Antalyadakı bütün yoxlama oyunlarında şans qazandılar. Ceyhun “Kaysar” və “Spartak-2” ilə oyunlarda fərqləndi. Digər futbolçulardan Samiqqulin 2, Xaybulayev isə 3 görüşdə şans qazandılar.
Xatırladaq ki, Rüstəm Samiqqulin və Neymət Musayev komandamızın düşərgəsindən birbaşa Antalyada təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin düşərgəsinə yollandılar. Bu futbolçulardan əlavə, “Sabah”ın U-19 komandasının digər üzvləri – Tural Nəsirov, Balamirzə Sultanov və Nazim Həsənzadə də hazırda millimizin düşərgəsindədir.