Azərbaycan Premyer Liqasında III tura yekun vurulub. “Sabah” bu turda səfərdə “Zirə” ilə qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda keçirilən matç komandamızın 2:0 hesablı qələbəsilə başa çatıb.
Qarşılaşmada “Sabah”ın qollarına 51-ci dəqiqədə Xulio Rodriqes və 90+2-ci dəqiqədə Kevin Kubemba imza atıblar. Bu görüş hər iki futbolçu üçün əlamətdar olub. Belə ki, həm Kevin, həm də Xulio “Sabah”ın heyətində rəsmi oyunlarda ilk qollarını vurublar.
Hər iki futbolçu komandamızda qol hesabını açmaları barədə danışıblar.
Kevin Kubemba: “Sabah”da rəsmi oyunlarda ilk qolumu vuraraq komandamın qalib gəlməsində rol oynadığıma görə xoşbəxtəm. Meydana çıxanda fərqlənmək üçün şansım olacağını bilirdim. Tanrıya şükür, bu fürsətdən yararlana bildim”.
Xulio Rodriqes: “Sabah”da ilk qolumu vurduğuma görə çox xoşbəxtəm. Ancaq məni bundan da çox sevindirəm məqam komandamın qələbəsinə töhfə verməyim oldu”.
Xulio oyuna start heyətində başlayıb sona kimi meydanda olub. Kevin isə görüşün 87-ci dəqiqəsində əvəzetmədən oyuna çıxıb.
Qeyd edək ki, bu günə kimi “Sabah”ın heyətində Azərbaycan Premyer Liqasında 21 futbolçu qol vurmağa nail olub. Komandamızın heyətində yüksək liqada ən çox qol vurmuş futbolçu Marko Deviçdir (9 qol).