“Sabah” FK Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirib. “Göy-ağlar” ilin son oyununda səfərdə “Sumqayıt”la qarşılaşıb. Komandamız çətin səfər oyununda 2:1 hesabıyla qalib gələrək, ili 3 xalla başa vurub. Baş məşqçimiz Visente Qomes oyunla bağlı fikirlərini bildirib:

“Futbolçularımı təbrik edirəm, bu gün əllərindən gələni etdilər. Oyun, xüsusilə ilk hissə bizim nəzarətimizdə idi. Kifayət qədər qol imkanları yaratsaq da, bunlardan istifadə edə bilmədik. Rəqib isə sadə epizodda qol imkanı yaratdı və hesabı bərabərləşdirdi. Bundan sonra komandada bir qədər gərginlik, həyəcan yaşansa da, qol vuraraq matçdan qələbə ilə ayrılmağı bacardıq”.

“Sabah” Azərbaycan Premyer Liqasında növbəti oyununu gələn il yanvarın 21-də, evdə “Qarabağ”a qarşı keçirəcək.