“Sabah” Futbol Klubu və Niderlandın “Telstar” klubu arasında Ozan Can Kökcünün icarəyə verilməsilə bağlı razılıq əldə olunub. Müqaviləyə əsasən, gənc yarımmüdafiəçi cari mövsümün sonuna kimi Niderland 2-ci liqa təmsilçisində çıxış edəcək.
Ozan Can Kökcü 2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışır. Bu müddətdə komandamızın əsas heyət üzvlərindən birinə çevrilən gənc futbolçu, “göy-ağ” formada 29 oyun keçirib, 1 qola imza atıb. Azərbaycanın U-21 millisinin də əsas üzvlərindən olan Ozan Canın icarəyə verilməsində onun Avropa təcrübəsi qazanması və özünü inkişaf etdirməsi perspektivləri əsas götürülüb.
Kökcü klubumuzun saytına keçidlə bağlı fikirlərini bildirib:
“Bu təklifə müsbət cavab verməyimə əsas səbəb özümü Avropada sınamaq, həmçinin Azərbaycanı və klubum “Sabah” FK-nı Avropada ən yaxşı şəkildə təmsil etmək istəyimdir. “Telstar”a bu 6 aylıq müddətdə özümü daha da inkişaf etdirmək və daha üst səviyyəyə qalxmaq üçün yollanıram.
Mənə daim dəstək olan “Sabah” FK ailəsinə təşəkkür edirəm. Burda olmadığım müddətdə də komandamı yaxından izləyəcəm.
Doğma klubuma uğurlar diləyirəm”.
Biz də “Sabah” FK ailəsi olaraq, gənc futbolçumuza yeni klubunda uğurlar arzulayırıq.
