“Sabah” mövsümün ikinci yarısına hazırlıqlarını davam etdirir. Komandamız bu gün hazırlıq çərçivəsində “Səbail”lə yoxlama oyununda qüvvəsini sınayıb. “Bank Respublika Arena”da keçirilən matç komandamızın minimal hesablı qələbəsilə nəticələnib. Oyundan sonra baş məşqçimiz Visente Qomes saytımıza həm oyun, həm də qış toplanışı barədə fikirlərini bildirib:

“Hazırda hər şey planlaşdırdığımız kimi gedir. Əsas odur ki, komandada zədəlilər olmasın və oyunçularımız məşqlərinə problemsiz davam edə bilsinlər. Bu gün hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəmizi sınadıq. Qalib gəlmək həmişə yaxşıdır, lakin anlamalıyıq ki, bu gün sərgilədiyimiz oyun turnir cədvəlindəki mövqeyimizi daha da yaxşılaşdırmaq üçün kifayət deyil”.

“Səbail”lə yoxlama oyunu yeni transferimiz Tiemoko Fofana üçün əlamətdar olub. Belə ki, gənc hücumçu “göy-ağ” formada ilk oyununu keçirib. Qomes yeni transferimizin ilk komandada oyununu da dəyərləndirib:

“Fofana komanda ilə cəmi iki məşqə çıxdıqdan sonra ilk oyununu keçirdi. Bu matçda meydanda yaxşı çalışdı. Ondan daha çox şey gözləyirik. Məşqlərlə və oyun praktikası ilə istədiyimiz oyun ideyasına, tərzinə vaxt keçdikcə uyğunlaşacaqdır”.

Xatırladaq ki, “Sabah” qış fasiləsindən sonra Azərbaycan Premyer Liqasında ilk oyununu yanvarın 21-də saat 18:00-da, “Bank Respublika Arena”da  “Qarabağ”a qarşı keçirəcək.