Azərbaycan Premyer Liqasında 2020/21-ci illər mövsümünə yekun vurulur. Mövsümün sonuncu – XXVIII turunda “Sabah” “Zirə”ni qəbul edib. Görüş komandamızın 2:1 hesablı qələbəsilə nəticələnib. Matçdan sonra baş məşqçimiz Ramin Quliyev fikirlərini bildirib:

“Mövsümün son oyununu yaxşı əhval-ruhiyyədə bitirmək istəyirdik. Matça yaxşı hazırlaşmışdıq. Oyunu əks-hücum üzərində qurmuşduq. İlk hissədən sonra hesabda 1:0 üstün idik. Daha sonra qapımıza penalti təyin edildi. Buna baxmayaraq, son dəqiqələrdə qələbə qolunu vura bildik. Bütün futbolçularıma təşəkkür edirəm. Bu gün meydanda qələbə üçün sona kimi mübarizə apardılar. Rəqibin kimliyindən asılı olmayaraq biz hər oyuna qələbə üçün çıxırıq. Bu, həmişə belə olub, bundan sonra da belə olacaq”.

“Sabah” Premyer Liqanın 2020/21-ci illər mövsümünü 29 xalla 5-ci pillədə başa vurub.