“Sabah” FK-da yeni təyinat gerçəkləşib. İqor Ponomaryov klubun idman direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989) olan Ponomaryov 2018-ci ildən “Sabah” FK-nın Müşahidə Şurasının üzvüdür.
Futbolçu karyerasının böyük hissəsini “Neftçi”də keçirən sabiq yarımmüdafiəçi, SSRİ-nin gənclər yığmasının üzvü olub, 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan yığmanın heyətində yer alıb. Ponomaryov SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb. Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olan mütəxəssis, İsveçin “Sirianska”, Rusiyanın “Maşuk” klublarıyla yanaşı, ölkəmizdə “Qarabağ” və “Xəzər Lənkəran” kimi komandalarda çalışıb. O, 2019-cu ildə “Sabah”da müvəqqəti baş məşqçi səlahiyyətlərini yerinə yetirib.
Ponomaryov 2000-2001-ci illərdə Azərbaycanın futbol üzrə əsas yığmasının da baş məşqçisi olub.