Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Bank Respublika Arena”da “Zirə” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb (0:0).

“Sabah” oyuna aşağıdakı start heyəti ilə başlayıb:

Səlahət Ağayev, Amin Seydiyev, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava,  Slavik Alxasov, Elvin Camalov, Coşqun Diniyev, Şakir Seyidov, Aleksey İsayev,  Ozan Can Kökcü, Camal Cəfərov.

Oyundan sonra baş məşqçimiz Ramin Quliyev matçla bağlı fikirlərini bildirib:

“İlk matçımız idi. İki fərqli hissə izlədik. Futbolçuların geridə qalan 7-8 günlük hazırlıq müddətində fiziki durumlarının necə olmasını görmək istəyirdik. Sevindirici haldı ki, hər iki hissədə fiziki baxımdan istədiyimizi ala bildik. Ən əsası, şükürlər olsun ki, heç bir zədə olmadı”.

Komandamız növbəti yoxlama oyununu iyulun 13-də “Keşlə”yə qarşı keçirəcək. Matç saat 19:00-da, “Bank Respublika Arena”da baş tutacaq.

Təlim-məşq toplanışının ikinci yarısını Gürcüstanda keçirəcək “Sabah”, iyulun 15-də bu ölkənin paytaxtı Tbilisiyə yola düşəcək.