Azərbaycan Premyer Liqasında 2021/22-ci illər mövsümünə start verilib. “Sabah” ilk turda “Səbail”lə qarşılaşıb (0:1). “Bank Respublika Arena”da keçirilən matçdan sonra baş məşqçimiz Ramin Quliyev fikirlərini bildirib:
“Rəqib komandanı təbrik edirəm. Fikrimcə, bu gün gözəl, baxımlı futbol oynadıq. Düzdü, itirdiyimiz 3 xal çempionat boyu bizə çox lazım olacaq. Lakin bu gün futbolçularımın oyuna hazırlığından, yanaşmasından və göstərdiyimiz futboldan razı qaldım. Məğlub olmağımıza baxmayaraq, paltardəyişmə otağında onlara təşəkkür etdim. Futbolda belə anlar olur. Bəzən pis oynayıb qələbə qazanırsan, bəzən də yaxşı oynayıb məğlub olursan. Bu da, həmin oyunlardan biri idi”.
Qeyd edək ki, “Sabah” növbəti turda səfərdə “Sumqayıt”la qarşılaşacaq. Görüş avqustun 21-də, saat 20:00-da start götürəcək.