Azərbaycan Premyer Liqasının VIII turunda evdə “Qarabağ”la qarşılaşan “Sabah” matçdan 1:2 hesablı məğlubiyyətlə ayrıldı. Görüşdən sonra baş məşqçimiz Ramin Quliyev oyunla bağlı fikirlərini bildirdi. Quliyev matçın böyük hissəsini azlıqda oynamağımıza baxmayaraq, komandanın yaxşı təsir bağışladığını qeyd etdi:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Zədə və cəza səbəbindən 5 futbolçumuzun yoxluğuna baxmayaraq, komanda bu gün “Qarabağ” kimi rəqibə qarşı yaxşı mübarizə apardı. İlk hissədə azlıqda qalmağımıza, matçın böyük hissəsində 10 nəfərlə mübarizə aparmağımıza rəğmən meydanda əsl komanda gördüm. Əlbəttə, məğlub olduq. Lakin dediyim kimi, bu gün komandanın güclü rəqibə qarşı azlıqda qaldıqdan sonra belə yaxşı oyun sərgiləməsi, meydanda xarakter göstərməsi qürurvericidir”.
“Sabah” çempionatın növbəti turunda evdə “Sumqayıt”la qarşılaşacaq. Görüş oktyabrın 23-də, saat 16:00-da “Bank Respublika Arena”da baş tutacaq.