Azərbaycan Premyer Liqasında XI tura start verilib. “Sabah” bu turda səfərdə “Neftçi” ilə qarşılaşıb. Görüş komandamızın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Matçdan sonra baş məşqçimiz Murad Musayev oyunu dəyərləndirib. Rusiyalı mütəxəssis komandasının oyunundan razı qaldığını deyib:
“Həm komanda, həm rəhbərlik, həm də azarkeşlərimiz üçün çox mühüm qələbə idi. “Neftçi” çox güclü komandadı, son ölkə çempionudur. Birinci hissədə istədiyimiz kombinasiyalı oyun alınmadı. Öz meydançamızda çoxlu səhvlərə yol verdik. Lakin buna rəğmən, komanda inamlı görünür, meydanın hər qarışı uğrunda mübarizə aparırdı. Fasilədən sonra ilk hissədəki səhvlərimizi düzəltdik. Çoxlu pressinq tətbiq etdik və bunun da nəticəsində iki əks-hücumda fərqlənməyi bacardıq. Uşaqların inamlı oyunundan, işə yanaşmasından və sona kimi mübarizə aparmasından çox razı qaldım. Qarşıda bizi gərgin iş gözləyir, bir gün də dayanmaq olmaz”.
“Sabah” Azərbaycan Premyer Liqasının növbəti turunda evdə “Keşlə” ilə qarşılaşacaq. Görüş noyabrın 27-də, “Bank Respublika Arena”da baş tutacaq.