Azərbaycan Premyer Liqasının XII turunda “Keşlə”ni qəbul edən “Sabah” matçdan 2:1 hesablı qələbə ilə ayrılıb. Oyundan sonra baş məşqçimiz Murad Musayev mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bildirib:

“Birinci hissə bizim üçün çox yaxşı keçdi. Meydanın hər qarışı uğrunda mübarizə apardıq. Yaxşı pressinq tətbiq etdik, kombinasiyalı oyun sərgilədik, iki qol vurduq. Təəssüf ki, fasilədən sonra birinci hissədəki intensiv oyunu davam etdirə bilmədik. Lakin buna rəğmən, komanda meydanda intizamlı oyun, xarakter nümayiş etdirdi, bunun da nəticəsində qələbə hesabını qoruyub saxlaya bildik. Bu oyunda həmçinin azarkeşlərimizi də xüsusi qeyd etmək istərdim. Oyundan öncə bizi çox yaxşı qarşıladılar, matç zamanı da möhtəşəm dəstək oldular. Bu qələbəni onlara həsr edirik”.

“Sabah” Premyer Liqanın növbəti turunda səfərdə “Qarabağ”la qarşılaşacaq. Görüş dekabrın 4-də baş tutacaq.