“Sabah” Futbol Klubu uşaq-gənclərin təhlükəsizlik siyasətinə ciddi önəm verir. Akademiyamızda yaşından, cinsiyyətindən, etnik mənsubiyyətindən, sosial mənşəyindən, dinindən asılı olmayaraq, oyunda iştirak edən bütün uşaqlar üçün təhlükəsiz, müsbət və xoş mühit təmin edilir. Bundan əlavə, akademiyamızın üzvü olan uşaqlara zəruri hallarda tibbi və psixoloji yardım göstərilir.

“Sabah” FK uşaq zorakılığını açıq şəkildə pisləyir, bu cür əməllərin pis təsirləri və nəticələri barədə futbolçular arasında daim təbliğat aparır. Klubun daxili intizam kodeksində uşaq zorakılığına və istismarına yol verəcək məşqçilərə və rəsmilərə qarşı ən sərt intizam sanksiyaları nəzərdə tutulub, ev oyunlarımızı keçirdiyimiz stadionun daxilində və ətrafında zorakılıq və seksual məzmunlu materialların satılmasının və təbliğ edilməsinin qarşısı alınır.

Uşaqlar, valideynlər və uşaqlarla işləyən hər bir kəs üçün uşaq zorakılığına qarşı maarifləndirici söhbətlər edilir, pis əməllərə qarşı təbliğat aparılır.