Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib. Komandamız Serbiyanın “Mladost” (Luçani) komandası ilə qarşılaşıb. 45, 45 və 30 dəqiqəlik 3 hissədən ibarət olan matç 1:1 hesablı bərabərliklə nəticələnib.
Baş məşqçimiz Murad Musayev oyunda aşağıdakı start heyətinə şans verib:
Səlahət Ağayev, Amin Seydiyev, Bəxtiyar Həsənalızadə, Nikolay Boçko, Slavik Alxasov, Elvin Camalov, Xuan Kamara, Aleksey İsayev, Coy-Lens Mikels, Ceyhun Nuriyev, Xulio Rodriqes.
Oyunun ilk hissəsi qolsuz bərabərliklə nəticələnib. Fasilədən sonra, görüşün 53-cü dəqiqəsində Coy-Lens Mikels komandamızı hesabda öncə keçirib. Bir neçə dəqiqə sonra Mikels Tiemoko Fofana ilə əvəzlənib.
Musayev matçın 75-ci dəqiqəsindən sonra gənclərin üstünlük təşkil etdiyi heyəti meydana buraxıb:
Aleksandr Neçayev, Camal Cəfərov, Arsen Ağcabəyov, İldar Ələkbərov, Abdulla Xaybulayev, Şakir Seyidov, Veysəl Rzayev, Kamran Quliyev, Mixeili Erqemlidze, Tiemoko Fofana, Şpiro Periçiç, Nazim Həsənzadə.
Oyunun 90 dəqiqəsi komandamızın üstünlüyü ilə yekunlaşıb. Rəqib əlavə 30 dəqiqədə hesabı bərabərləşdirib. Görüş elə bu hesabla da yekunlaşıb.
Bu matçla “Sabah” Antalya toplanışını başa vurub. “Ağ-göylər” Türkiyədəki hazırlıq çərçivəsində keçirdiyi Macarıstanın “Pakş” və Ukraynanın “Zarya” komandaları ilə oyunlardan da bərabərliklə ayrılmışdı (1:1).
Komandamız sabah səhər saatlarında Vətənə yola düşəcək.