Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda azarkeş rekordu qeydə alınıb. “Bank Respublika Arena”da keçirilmiş matçı 5500 tamaşaçı tribunalardan izləyib ki, bu da, “Sabah”ın Premyer Liqada ev oyunlarında qeydə alınmış ən yüksək göstəricidir. Əvvəlki rekord 2018/19-cu il mövsümündə baş tutmuş “Sabah” – “Qarabağ” matçında qeydə alınmışdı (4500 tamaşaçı).
“Sabah” – “Neftçi” görüşündə Misli Premyer Liqasının cari mövsümündə qeydə alınmış tamaşaçı rekordu da təkrarlanıb. İlk turda baş tutmuş “Turan Tovuz” – “Qəbələ” matçını da eyni sayda azarkeş izləmişdi.
Qeyd edək ki, “Sabah” – “Neftçi” görüşü komandamızın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Matçda qollarımıza Aleksey İsayev və Emmanuel Apeh imza atıblar.