Misli Premyer Liqasında X tura start verilib. “Sabah” bu turda evdə “Zirə” ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən matç komandamızın minimal hesablı qələbəsi ilə başa çatıb. Görüşdən sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:

“Çox parlaq oyun alındı. Meydanda qarşılıqlı hücumların, təhlükəli vəziyyətlərin, meydanın hər qarışı, hər top uğrunda mübarizənin şahidi olduq. Fikrimcə, izləyicilər bu oyundan razı qaldılar. Komandam bu matçda psixoloji cəhətdən çox yaxşı hazırlıq nümayiş etdirdi. Oyunun ilk dəqiqələrindən tempi yüksək səviyyədə saxlamağa nail olduq. Rəqib güclü komanda idi. Şadam ki, bu matçda bizə lazım olan qolu vurub, qələbə qazanmağı bacardıq”.