Misli Premyer Liqasında XIII tura yekub vurulub. “Sabah” bu turda səfərdə “Səbail”ə qalib gəlib (2:0). “ASCO Arena”da keçirilən matç komandamızın müdafiəçisi Amin Seydiyev üçün əlamətdar olub.
“Səbail”lə görüşdə “Sabah”ın formasında 67-ci rəsmi oyununu keçirən Amin, bununla da, klubun heyətində ən çox matç keçirmiş Saşa Stamenkoviçə çatıb. 2018-2021-ci illər aralığında “Sabah”ın heyətində çıxış etmiş serbiyalı qolkiper də komandamızda məhz bu sayda görüşdə meydana çıxıb.
Qeyd edək ki, Amin 2020-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışır. O, komandamızın heyətində keçirdiyi 67 görüşdə (63 ölkə çempionatı, 4 ölkə kuboku) 2 qola imza atıb.