Azərbaycan millisi yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Yığmamız Moldova seçmə komandası ilə qarşılaşıb. Kişinyovda, “Zimbru” stadionunda keçirilən qarşılaşma millimizin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bu görüşdə “Sabah”ın 5 futbolçusu – Aleksey İsayev, Bəxtiyar Həsənalızadə, Elvin Camalov, Anatoli Nuriyev və Namik Ələskərov da şans qazanıb. Aleksey və Bəxtiyar start heyətində yer alıb və 90 dəqiqə meydanda olubsa, Elvin 66-cı, Namik və Anatoli isə 83-cü dəqiqədə oyuna daxil olublar.

Millidəki digər təmsilçilərimiz – Amin Seydiyev və Ceyhun Nuriyev isə görüşdə ehtiyat oyunçular skamyasında yer alıblar.

Bu matç İsayev üçün əlamətdar olub. Belə ki, 27 yaşlı yarımmüdafiəçi millidə ilk qolunu vurub. O, buna yığmada 10-cu matçında nail olub. Oyunda millimizin digər qoluna Emin Mahmudov imza atıb. Görüş Aleksey kimi Bəxtiyar üçün də əlamətdar olub. Belə ki, müdafiəçi Moldova ilə matçda millimizin heyətində ilk oyununu keçirib.