Misli Premyer Liqasında XV tura start verilib. “Sabah” bu turda səfərdə”Turan Tovuz”la qarşılaşıb. Tovuz şəhər stadionunda keçirilmiş qarşılaşma komandamızın minimal hesablı qələbəsilə yekunlaşıb. Matçdan sonra baş məşqçimiz Murad Musayev fikirlərini bildirib:
“Çox çətin oyun oldu. Regionda oynamaq həmişə çətindir. Bununla yanaşı, meydançanın süni örtüklü olması da əlavə çətinlik yaradırdı. Komanda bu matçda xarakter nümayiş etdirdi. Demək olar, bütün oyun bizim diqtəmiz altında keçdi. Düzdü, bəzi çatışmazlıqlarımız var idi. Məsələn, qol vurduğumuz epizoddakı kimi daha cəld oynamalı idik.
Azarkeşlərimizə uzun yol qət edərək bura gəldiklərinə və bizə sonadək dəstək olduqlarına görə təşəkkür edirəm. Bundan əlavə, yerli azarkeşlərə də komandamıza göstərdikləri münasibətə görə öz minnətdarlığımı bildirirəm. Rəqibə gələcək oyunlarda uğurlar arzu edirəm “.