Qızlardan ibarət “Xırdalan City” FK-nın aşağı yaş qruplarının üzvləri “Sabah” Futbol Akademiyasının qonağı olub.
“ASK Arena”da baş tutan görüşdə əvvəlcə akademiyamızın məşqçisi Namiq Süleymanov azyaşlılara “Qızlar futbolda” mövzusunda seminar keçərək, onlara seçdikləri peşə üzrə uğur qazanmağın yollarını izah edib, həmçinin öz məsləhətlərini verib. Daha sonra azyaşlı qızlar akademiyamızın U-12 komandası ilə birgə məşqə çıxıb. Məşqin sonunda “Xırdalan City” və “Sabah”ın üzvlərindən ibarət qarışıq heyətə malik komandalar arasında ikitərəfli oyun keçirilib.