“Sabah” Futbol Akademiyasının U-12 komandasının futbolçu və məşqçi heyətinə “Uşaq və gənclərin hüquq və maraqlarının müdafiəsi” mövzusunda maarifləndirici təlim keçirilib. UNICEF-in Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin ekspertlərinin keçdiyi təlim zamanı azyaşlılara öz hüquqları barədə ümumi məlumat verilib, əyləncəli oyunla yardımlaşma, birlik, komanda halında hərəkət və s. kimi anlayışlar aşılanıb, onlara maraqlı olan suallar cavablandırılıb.

Qeyd edək ki, UNICEF-in Azərbaycandakı nümayəndəliyi ilə birgə keçirilən bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. Əsas məqsəd idmanın uşaqların hərtərəfli inkişafı, sağlamlığı və zorakılığa qarşı mübarizədə oynadığı rolla bağlı, həmçinin uşaq və gənclər komandaları oyunçularının hüquq və maraqlarının müdafiəsi, onların rifahının yaxşılaşdırılması, uşaqların sağlamlıqlarının qorunması istiqamətində aşağı yaş qrupları üzrə komandaların futbolçularını və məşqçilər heyətini maarifləndirməkdən ibarətdir.