“Sabah” FK və “Dinamo” (Zaqreb, Xorvatiya) FK arasında əməkdaşlıq çərçivəsində akademiyamızın 3 futbolçusu Xorvatiyanın Zaqreb şəhərinə yollanıb. Aşağı yaş qrupları üzrə komandalarımızın futbolçuları – Həzrət Səmədov, Rauf Əyyubov və İbrahim Xəlilov 2 həftə ərzində “Dinamo” Futbol Akademiyasında təcrübə keçəcəklər.

Hazırda Zaqreb təmsilçisinin aşağı yaş qrupları üzrə komandaları ilə birgə məşqlərdə iştirak edən gənc futbolçularımızın yoxlama oyunlarında şans qazanması da nəzərdə tutulub. Əsas məqsəd futbolçularımızın Avropanın ən böyük futbol akademiyalarından biri olan “Dinamo” Futbol Akademiyasında təcrübə keçməklə oradakı mühitlə tanışlığı, həmçinin Zaqreb təmsilçisinin mütəxəssislərinin rəhbərliyi altında məşqlərdə iştirak etməklə yeni təcrübə qazanmalarıdır.