UEFA Konfrans Liqasında debüt edən “Sabah” bu gün liqanın II təsnifat mərhələsində ilk oyununu keçirib. Komandamız Latviyanın RFS klubu ilə qarşılaşıb. Yurmalada “Sloka” stadionunda keçirilən matç komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdən sonra baş məşqçimiz Murad Musayev oyunla bağlı fikirlərini bildirib:

“Bu gün çox çətin oyun oldu. Yeni mövsümdə ilk rəsmi matçımız idi. Oyuna yaxşı başladıq. Lakin daha sonra təşəbbüsü əldən verdik və rəqib üstünlük əldə etdi. Rəqib bizə çətinlik yaşatmağı bacardı. Şadam ki, bu təzyiqə tab gətirə bildik. Üstəlik, ikinci qolu da vurduq. Sonrakı dəqiqələrdə oyuna nəzarəti əldən vermədik və bu matçdan qələbə ilə ayrıldıq. Ancaq bu, yalnız qarşılaşmanın ilk hissəsidir. Qarşıda bizi Bakıda daha bir 90 dəqiqə gözləyir. İndi öz səhvlərimiz üzərində işləməliyik. Bu 8 gündən yaxşı yararlanmalıyıq. Çox şeyi düzəltməliyik. Cavab oyununda daha yaxşı olmaq üçün çalışmalıyıq”.

Qeyd edək ki, RFS və “Sabah” arasında cavab oyunu avqustun 3-də saat  20:00-da “Bank Respublika Arena”da keçiriləcək.