SABAH HAQQINDA

2017-ci il, sentyabrın 8-də Azərbaycan futbol ailəsinə yeni üzv qoşuldu – “Sabah” Futbol Klubu yaradıldı. Klubun əsası qoyulduqdan qısa müddət sonra Birinci Divizionda çıxış etməyə başladı. “Sabah” mövsümü 40 xalla 10 komanda arasında 5-ci pillədə başa vurdu. Aşağı liqada keçirdiyi 27 oyunun 11-ni qələbə ilə başa vuran komandamız 7 heç-heçə edib, 9 görüşdə məğlub olub.

2018-ci il, mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının iclasında “Sabah” Futbol Klubuna Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməsi qərara alındı. Bununla da, 2018/19 mövsümündən etibarən “Sabah” FK Premyer Liqa üzvünə çevrildi.

SABAH FUTBOL KLUBUNUN MİSSİYASI

İlk mövsüm üçün qarşıya qoyulan əsas hədəf “Sabah”ın Premyer Liqada yerini möhkəmlətməsindən ibarət olacaq. Təcrübəli legionerlərlə yerli futbolçuların vəhdətindən rəqabətə davamlı komanda formalaşdırmaq istiqamətində gedən işlər də məhz buna hesablanıb. Gələcəkdə isə klubun aşağı yaş qruplarında yetişmiş futbolçulara əsas komandada daha çox şans verilməklə, onların daha yaxşı yetişdirilməsi planlaşdırılır. “Sabah”ın əsas missiyalarından biri də milli komandalarımızı futbolçu ilə təmin etməkdir.