SABAH HAQQINDA
2017-ci il, sentyabrın 8-də Azərbaycan futbol ailəsinə yeni üzv qoşuldu – “Sabah” Futbol Klubu yaradıldı. Klubun əsası qoyulduqdan qısa müddət sonra Birinci Divizionda çıxış etməyə başladı. “Sabah” mövsümü 40 xalla 10 komanda arasında 5-ci pillədə başa vurdu.
2018-ci il, mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının iclasında “Sabah” Futbol Klubuna Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməsi qərara alındı. Bununla da, 2018/19 mövsümündən etibarən “Sabah” FK Premyer Liqa üzvünə çevrildi.
“Sabah” Premyer Liqadakı ilk mövsümündə əsas vəzifənin – yüksək liqada möhkəmlənmək missisiyasının öhdəsindən gəldi. Komandamız mövsümün böyük hissəsində ilk beşlikdə yer alsa da, çempionatı 7-ci pillədə başa vurdu.
SABAH FUTBOL KLUBUNUN MİSSİYASI
Yeni mövsüm üçün qarşıya qoyulan əsas hədəf “Sabah”ın avrokuboklara vəsiqə qazanmasıdır. Təcrübəli legionerlərlə yerli futbolçuların vəhdətindən rəqabətə davamlı komanda formalaşdırmaq istiqamətində gedən işlər də məhz buna hesablanıb. Komandamızın əsas missiyası isə dəyişməz olaraq qalıb.
“Sabah” FK-nın əsas hədəfi ölkə futboluna yeni istedadlar bəxş etməkdir. Bu istiqamətdə əməli tədbirlər görülməkdədi. Xorvatiyanın ən böyük futbol məktəbi, dünya futboluna bir çox istedadlar bəxş etmiş Zaqreb “Dinamo”sunun futbol akademiyası ilə əməkdaşlıq da məhz buna hesablanıb. Zaqreb təmsilçisi ilə əməkdaşlıq çərçivəsində bu klubun futbol akademiyasının sisteminin futbol məktəbimizin bünövrəsini təşkil edən “Vətən” Futbol Məktəbinə və akademiyamıza tətbiq olunması nəzərdə tutulub.
