MÜŞAHİDƏ ŞURASI
AFFA-nın qərarına əsasən Premyer Liqada çıxış edən klublarda Müşahidə Şurası yaradılmalıdır. Premyer Liqada ilk mövsümünü keçirən “Sabah” Futbol Klubunda da Müşahidə Şurası fəaliyyət göstərir.
Müşahidə Şurasının tərkibi aşağıdakı kimidir:

FİRUDİN QURBANOV
Azərbaycan Respublikası təhsil nazirinin müavini
2003-cü ildə AFFA-nın elmi metodiki komissiyanın sədri, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasında İşçi Qrupun rəhbəri olub.
2014-cü ildən təhsil nazirinin müavinidir. 2015-ci ilin mart ayından AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Həmin ilin may ayında Tələbə Futbol Federasiyasının prezidenti seçilib.
Qeyd edək ki, Firudin müəllimin klubumuzun Müşahidə Şurasına üzv qəbul olunması AFFA tərəfindən tövsiyə olunub. Firudin Qurbanov “Sabah” Futbol Klubunun Müşahidə Şurasının sədridir.

İQOR PONOMORYOV
Azərbaycanlı keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989)
Ponomaryov Azərbaycan futbolunun tanınmış simalarındandır. Karyerasının böyük hissəsini “Neftçi”də keçirib. Sabiq yarımmüdafiəçi SSRİ-nin gənclər yığmasında da çıxış edib. 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan SSRİ yığmasının heyətində olub. Ponomaryov SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb.
Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olub. İsveçin “Sirianska”, Rusiyanın “Maşuk” klublarıyla yanaşı, ölkəmizdə “Qarabağ” və “Xəzər Lənkəran” kimi komandalarda çalışıb. Ponomaryov Azərbaycanın futbol üzrə əsas yığmasının da baş məşqçisi olub.

RƏHMAN HACIYEV
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri
2002-2008-ci illərdə MBASK Sığorta Şirkətinin İdarə Heyətinin üzvü olmaqla yanaşı, həmin şirkətdə müxtəlif vəzifələrdə çalışıb.
Rəhman Hacıyev “First News Media” İnformasiya Agentliyinin baş redaktoru və icraçı direktoru, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru vəzifələrində çalışıb.
Azərbaycanda ən böyük həvəskar futbol liqası olan MFL-in həmtəsisçisi olub.
R.Hacıyev İE Business School (Madrid, İspaniya) universitetində “Global Executive MBA” (Qlobal biznesin idarəedilməsi üzrə magistr) pilləsi üzrə təhsil alıb.

RAUF XƏLİLOV
Sahibkar
Rauf Xəlilov Azərbaycan və ölkə xaricində geniş fealiyyəti ilə seçilən “ISR Holding” şirkətlər qrupuna rəhbərlik edir.
Holdinqin fəaliyyət sahəsinə otelçilik, daşınmaz əmlak, logistika, texnologiya, pərakəndə satış, avtomobil biznesi və s. kimi sahələr daxildir. Holdinq öz müəssisələri ilə yanaşı, “Hilton”, “Radisson”, “Toyota”, “Lexus”, “Peugeot”, “Zara”, “Bershka” və s. kimi bir sıra məşhur beynəlxalq brendlərin təmsilçisidir. Rauf Xəlilov Azərbaycanda idmanın inkişafına da fəal dəstək verir. O, Azərbaycan Qolf Federasiyasının prezidenti və “SABAH” FK-nın İdarə Heyətinin üzvüdür. Bundan əlavə, Rauf Xəlilov İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının Məsləhət Şurasının üzvü və İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının strateji əməliyyatlar komitəsinin həmsədridir.

YAQUB HÜSEYNOV
Sahibkar
“Sabah” Futbol Klubunun təsisçisi və “Bridge Group of Companies”in Müşahidə Şurasının sədridir. 1998-ci ildə “Global İnteriors Group” şirkətini, 2008-ci ildə isə “Bridge Group of Companies” şirkətlər qrupunu və “Bridge Plaza” biznes mərkəzini təsis edib.