2018/19-cu il mövsümü - 3 qızıl (U-10, U-14, U-17), 2 gümüş
(U-11, U-16), 1 bürünc (U-15) medal.
2019/20-cu il mövsümü – 1 qızıl (U-17),
1 gümüş (U-19) medal.
2020/21-ci il mövsümü – 1 gümüş (U-19) medal.
2021/22-ci il mövsümü - 5 qızıl (U-10,
U-12, U-14, U-15, U-16), 2 bürünc (U-11 və U-19) medal.
2022/23-cü il mövsümü - 4 qızıl (U-13, U-15, U-16, U-17), 1 gümüş (U-14), 1 bürünc (U-19) medal.
2023/24-cü il mövsümü – 2 qızıl (U-17 (qızlar), U-19), 3 gümüş (U-14, U-15, U-17) medal.
“Sabah” Futbol Akademiyası “Vətən” Futbol Məktəbinin bazası əsasında yaradılıb. Akademiyamız 2019-cu ildən təkcə öz ölkəsində yox, həmçinin Avropanın tanınmış futbol akademiyalarından olan Xorvatiyanın “Dinamo” Zaqreb Futbol Akademiyası ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində “Sabah” Futbol Akademiyasının bir çox yeniyetmə və gənc futbolçusu, həmçinin mütəxəssisləri Zaqreb təmsilçisinin akademiyasında təcrübə keçmişdir. Akademiya olaraq aşağı yaş qrupları üzrə komandalarımızın mütəmadi olaraq xarici turnirlərdə iştirakına da xüsusi diqqət yetirilir. Komandalarımız son illərdə Gürcüstan, Türkiyə, Xorvatiya, Belarus, İtaliya və s. kimi ölkələrdə müxtəlif turnirlərdə iştirak etmişlər. “Sabah” Futbol Akademiyasının əsas məqsədi Azərbaycan milli komandaları, həmçinin “Sabah” FK-nın əsas komandası üçün futbolçular yetişdirməkdir. Bu gün “Sabah” Futbol Akademiyasının futbolçuları mütəmadi olaraq Azərbaycan millisinin müxtəlif yaş qruplarından ibarət milli komandalarına dəvət olunurlar. Bundan əlavə, akademiyamızın bir neçə yetirməsi əsas komandamıza cəlb edilmişdir. Bununla yanaşı, akademiya olaraq üzvümüz olan hər bir uşağın təkcə futbolçu kimi yox, həmçinin təhsilli, intellektual cəhətdən savadlı, cəmiyyət üçün faydalı bir fərd olaraq yetişməsi də əsas prioritetlərimizi təşkil edir.
“Sabah” Futbol Akademiyasının koordinatoru xorvatiyalı mütəxəssis Adino Mustedanaqiçdir. Mustedanaqiç, həmçinin “Sabah”ın U-19 və əvəzedicilərdən ibarət komandasının baş məşqçisidir. Akademiyamızın aşağı yaş qrupları üzrə koordinatoru isə təcrübəli mütəxəssis Təbriz Həsənovdur.
2023/24 mövsümü akademiyamız üçün tarixi nəticələrlə əlamətdar oldu. Gənclər Liqasında mübarizə aparan U-19 komandamız tarixində ilk dəfə çempion olaraq, UEFA Gənclər Liqasında iştirak etmək haqqı qazandı. Çempion komandanın heyətinin əsasını isə 2018-ci ildə, akademiyamız ilk qurulduğu vaxtlarda futbolda ilk addımlarını bizim akademiyamızda atan uşaqlar təşkil edirdi. Bu mövsüm, həmçinin “Sabah”ın ilk dəfə AFFA-nın təşkilatçılığı ilə keçirilən liqada qızlardan ibarət komanda ilə təmsil olunması ilə əlamətdar oldu. U-17 Liqasında yarışan qızlardan ibarət komandamızın debütü çox uğurlu oldu. Belə ki, qızlarımız ilk mövsümündəcə “Sabah” Futbol Akademiyasına qızıl medal qazandırmağa müvəffəq oldular. U-14, U-15 və U-17 komandalarımız isə mövsümü ikinci pillədə - gümüş medallarla başa vurdular.
2022/23 mövsümü də akademiyamızın komandaları üçün uğurlu alındı. Bu mövsümdən etibarən AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalarda 13-dən aşağı yaş qrupları üzrə liqalarda nəticə ləğv edildi. “Sabah” Futbol Akademiyasının komandaları nəticələrin qeydə alındığı bütün liqaları müxtəlif əyarlı medallarla başa vurdular. Belə ki, U-13, U-15, U-16 və U-17 komandalarımız qızıl, U-14 komandamız gümüş, U-19 komandamız isə bürünc medal qazandılar.
“Sabah” Futbol Akademiyasının komandaları üçün 2021/22 mövsümü çox uğurlu alındı. Belə ki, akademiyamızın 9 yaş qrupu üzrə komandalarından 7-si mövsümü müxtəlif əyarlı medallar qazandılar. U-10, U-12, U-14, U-15 və U-16 mövsümü qızıl, U-11 və U-19 isə bürünc medalla başa vurdular.
AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda 2020/21 mövsümünü də COVİD-19 pandemiyası ilə əlaqədar tam şəkildə keçirmək mümkün olmadı. Belə ki, qeyd edilən mövsümdə yarışlar cəmi 2 yaş qrupunda (17 və 19) keçirildi ki, “Sabah”ın U-19 komandası bir il əvvəl olduğu kimi liqanı ikinci pillədə - gümüş medalla başa vurdu.
2019/20 mövsümü də akademiyamızın komandaları üçün uğurlu başlasa da, COVİD-19 pandemiyası ilə bağlı bəzi aşağı yaş qrupları üzrə liqalarda mövsüm yarımçıq dayandırıldı. “Sabah” Futbol Akademiyasının U-17 komandası bir mövsüm əvvəl olduğu kimi liqanı qızıl, U-19 komandası isə gümüş medalla başa vurdu.
“Sabah” Futbol Akademiyası 2018-ci ildə yaradılıb. “Vətən” Futbol Məktəbinin bazası əsasında yaradılan “Sabah” Futbol Akademiyasının komandaları aşağı yaş qrupları üzrə liqalardakı ilk mövsümündə uğurla çıxış edərək, mövsümü 3 qızıl (U-10, U-14, U-17), 2 gümüş (U-11, U-16) və 1 bürünc (U-15) medalla başa vurub.